Apple şirkətinin baş direktoru Tim Cook CBS Sunday Morning proqramına müsahibəsində bildirib ki, şirkətin əsas dəyərləri insanlar və korporativ mədəniyyətdir. Bu barədə MacRumors məlumat yayıb.
Müsahibə Apple şirkətinin 1 aprel 2026-cı ildə qeyd olunacaq 50 illiyi ərəfəsində baş tutub.
Cook qeyd edib ki, intellektual mülkiyyət vacib olsa da, innovasiyaları yaradan məhz şirkətin əməkdaşlarıdır. Onun sözlərinə görə, korporativ mədəniyyət isə bu yeniliklərin yaranması üçün mühit formalaşdırır.
O vurğulayıb ki, korporativ mədəniyyəti təkrarlamaq çox çətindir, çünki bunun üçün uzun zaman və təşkilatın bütün səviyyələrində düzgün kadr seçimi lazımdır.
Apple rəhbəri əlavə edib ki, belə mədəniyyət texnologiyalar və həyat şəraiti dəyişdikcə daim qorunmalı və inkişaf etdirilməlidir.
Müsahibənin sonunda Cook şirkəti “unikal məkan” adlandıraraq bildirib ki, onun fikrincə, Apple-ı təkrarlamaq mümkün deyil və şirkət özünəməxsus bir modeldir.
Müsahibəni CBS-in jurnalisti David Pogue aparıb. O, həmçinin “Apple The First 50 Years” kitabının müəllifidir. Kitabda Apple-ın yaranması, çətin dövrləri, Steve Jobsun dövründə yenidən yüksəlişi və Tim Cookun rəhbərliyi altında dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilməsi haqqında bəhs olunur.

