İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində daha 83 ailə – 333 nəfər köçürülüb.
Denmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti köç Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına həyata keçirilib.
Xocavənd şəhərinə 36 ailə (140 nəfər), rayonun Quzeyxırman kəndinə isə 12 ailə (45 nəfər) qayıdıb.
Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə (74 nəfər), Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə (74 nəfər) köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Sakinlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər. Onlar torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini də ehtiramla anıblar.

