Britaniyada ən azı 13 intihar hadisəsi poçt şöbəsi qalmaqalı ilə əlaqələndirilir. Səlahiyyətlilər bunu ölkənin müasir tarixində ən pis ədalət pozuntusu kimi qiymətləndirir.
Den.az xarici mediaya istinadla bildirir ki, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Britaniya poçt şöbəsi kod bazasında səhv aşkarlanan yapon istehsalı olan proqram təminatını təqdim edib. Nəticədə 20.000 poçt şöbəsi meneceri maliyyə çatışmazlığı ilə bağlı saxta ittihamlara məruz qalıb və itirdikləri iddia edilən vəsaiti şəxsi büdcələrindən geri qaytarmaq tələb edilib.
London Ali Məhkəməsi daha sonra müəyyən edib ki, poçt operatorunun rəhbərliyi sistem xətası barədə 2000-ci illərin əvvəllərindən məlumatlı olub, lakin uydurma borclar üçün vəsait toplamaqda davam edib. Bundan başqa, doqquz yüzə yaxın əməkdaş dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Haqsızlığın ört-basdır edilməsindən sonra Böyük Britaniya hökuməti zərərçəkənlərə təzminat ödəmələrinə başlayıb və daha sonra haqsız yerə məhkum edilmiş şəxslərin reabilitasiyası üçün qanun qəbul edib. Yeni araşdırma səs-küylü dava nəticəsində öz həyatına qəsd etmiş Britaniya vətəndaşlarının mümkün sayına aydınlıq gətirib.
"13 nəfərin intiharı ilə proqram təminatı arasında səbəb-nəticə əlaqəsinin olması barədə qəti nəticəyə gələ bilməsəm də, bunun real bir ehtimal olduğunu istisna etmirəm. Onların 13-dən çox olması da mümkündür", - deyə araşdırmaya rəhbərlik edən hakim Vin Uilyams bildirib.
O əlavə edib ki, araşdırma zamanı çoxlu sayda insan dindirilib. Onlardan 59-u intihar etmək istəyib, 10 nəfər isə intihara cəhd edib.