ABŞ ordusunun Prezident Donald Trampdan əmr aldığı təqdirdə 96 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi hücumlara başlamağa hazır olduğu iddia edilir.
CNN-in adlarını açıqlamadığı iki amerikalı rəsmi şəxsə istinadən yaydığı məlumata görə, Vaşinqtonun İrana qarşı yeni hərbi əməliyyat planları mövcuddur. Bildirilir ki, ABŞ-nin Yaxın Şərqdə yerləşdirdiyi hərbi qüvvələr belə bir əməliyyatı həyata keçirmək üçün kifayət edir.
Mənbələr yeni hücumların əvvəlki hərbi əməliyyatlardan daha genişmiqyaslı ola biləcəyini irəli sürüblər.
CNN-ə danışan bəzi hazırkı və keçmiş ABŞ rəsmiləri Trampın hücum əmrini ilin sonuna qədər verə biləcəyini, bunun isə daha çox noyabrda keçiriləcək aralıq seçkilərdən sonraya təsadüf edəcəyini ehtimal edirlər.
Rəsmilərin fikrincə, ABŞ Prezidenti hələ yekun qərarını verməsə də, genişmiqyaslı hərbi əməliyyata meyilli görünür. Bununla yanaşı, Trampın əvvəllər də oxşar addımlara hazır göründüyü, lakin son anda qərarından daşındığı xatırladılıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun isə İrana qarşı yeni hücumların başlanması üçün Vaşinqtona təzyiq göstərdiyi iddia olunur.
İki amerikalı rəsmi və bir israilli təhlükəsizlik mənbəsinin məlumatına görə, Netanyahu ABŞ ilə birgə hücumları seçkilərdən əvvəl həyata keçirməyə çalışsa da, Tramp buna razılıq verməyib.
İddialara əsasən, İsrail ötən həftə İrana hücum ehtimalına hazırlaşaraq ABŞ-dən dəstək istəyib. Lakin Vaşinqton İsrail rəhbərliyini gözləməyə çağırıb.

