Yəməndəki husilər bazar günü axşam saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və iki hərbi bazasına zərbələr endirdiklərini iddia ediblər.
Bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri “X” sosial şəbəkəsində məlumat yayıb.
“Husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə üç əməliyyat həyata keçiriblər. İlk əməliyyatın hədəfi Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı olub”, – deyə o bildirib.
Sərinin sözlərinə görə, ikinci hücum Xamis-Muşayt şəhəri yaxınlığındakı Kral Xalid hərbi hava bazasına yönəlib. Burada təyyarə anqarları, sursat anbarları, pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzləri və digər obyektlərin hədəf alındığı iddia olunub.
Üçüncü hücumun isə Cizan şəhərində yerləşən sərhəd xidmətinin hərbi dəniz bazasına endirildiyi bildirilib.
Yəhya Səri bütün əməliyyatların uğurla nəticələndiyini iddia etsə də, bu məlumatlar digər mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən hökumət qüvvələrinə dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və husilərin mövqelərinə hava zərbələri endirir. Husilər isə buna cavab olaraq krallığın infrastruktur obyektlərinə hücumlar həyata keçirirlər.

