Dünyaca məşhur Yaponiya oyun şirkəti “Capcom” genişmiqyaslı kiberhücuma məruz qalıb. Nəticədə 11,7 milyondan çox istifadəçinin şəxsi məlumatları sızdırılıb.
Şirkətin açıqlamasına görə, hücum zamanı 11 milyon 774 min 247 “Capcom ID” hesabına aid elektron poçt ünvanları, hesabların yaradılma tarixləri, son giriş məlumatları və IP ünvanları ələ keçirilib.
Bəzi istifadəçilərin doğum tarixi, cinsi, yaşadığı ölkə və istifadəçi adları da kiberhücum nəticəsində üzə çıxıb.
Hakerlər 196 hesabın şifrəsini icazəsiz dəyişdiriblər. Həmin hesablardan 43-ü vasitəsilə şirkətin Yaponiyadakı “e-Capcom” onlayn mağazasına giriş əldə edilib. Bu zaman istifadəçilərin ünvanları, telefon nömrələri və alış-veriş tarixçəsi kimi məlumatları da sızdırılıb.
Şirkət bank kartı məlumatlarının hücumdan təsirlənmədiyini bildirib.
Kiberhücum oktyabrın 19-da aşkarlanıb. Hadisə ilə bağlı Yaponiya polisi və şəxsi məlumatların mühafizəsi üzrə səlahiyyətli qurum məlumatlandırılıb.
“Capcom” istifadəçiləri saxta elektron məktublara qarşı diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və naməlum faylları açmamağa çağırıb.

