Almaniya kansleri Fridrix Mertsin Türkiyəyə ilk rəsmi səfəri gərgin anlarla yadda qalıb — o, prezident Rəcəb Tayyib Ərdoğanla İsrail və HƏMAS münaqişəsi barədə açıq fikir qarşıdurması yaşayıb.
Hadisə siyasətçilərin danışıqlarından sonrakı birgə mətbuat konfransında baş verib. Jurnalist Mertsdən Almaniyanın İsrailə dəstəyi və bu mövqenin ölkənin “nasist keçmişi” ilə bağlılığı barədə soruşaraq belə deyib:
“Tarix yenidən sizi yanlış tərəfdə dayanmaqda ittiham etməyəcəkmi?”
Merts cavabında bildirib:
“Almaniya İsrailin yaranışından bəri onun yanındadır. Biz hər zaman İsrail dövlətini və yəhudi xalqını dəstəkləmişik. Bu, İsrail hökumətinin bütün addımlarını bəyəndiyimiz anlamına gəlmir, amma biz daima onunla olmuşuq.”
Ərdoğan isə Mertsin bu fikri ilə razılaşmadığını açıq şəkildə bildirib və İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını “soyqırım” adlandırıb.
“İsrail ordusunun Qəzzada törətdikləri müharibə adlana bilməz — bu, açıq soyqırımdır. Onlar ailələri, uşaqları, qadınları hədəf alır, tam məhv edirlər. Bu, əslində kütləvi məhvetmə əməliyyatıdır,” — deyə Ərdoğan bildirib.
Türkiyə lideri alman kanslerə sual yönəldib:
“Siz, Almaniya olaraq, bunu görmürsünüzmü? Siz bu baş verənləri izləmirsinizmi?”
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması 10 oktyabrda qüvvəyə minib. Saziş ABŞ, Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə imzalanıb.

