Avropa Komissiyası (AK) Google-a (Alphabet Inc.-ə daxildir) qarşı yeni araşdırma hazırlayır. Bu araşdırma şirkətin xəbər nəşrlərini axtarış nəticələrində necə sıralaması ilə bağlıdır. Bu barədə məlumatı Financial Times hökumət dairələrindəki mənbələrə istinadən yazır.
Mənbələrin sözlərinə görə, yeni yoxlama Google-un axtarış sistemində öz sıralamasını aşağı saldığı iddiaları ilə əlaqədardır. Söhbət kənar reklam məzmunu yerləşdirən xəbər saytlarından gedir — məsələn, sponsorlu redaksiya məqalələri, hansı ki, media şirkətləri üçün biznes modelinin vacib hissəsidir.
Mənbələr bildiriblər ki, Avropa Komissiyası yeni araşdırmanı artıq bu cümə axşamı elan edə bilər.
İddialar, rəqəmsal nəhənglərin dominantlığını məhdudlaşdırmağa yönəlmiş Rəqəmsal Bazarlar Aktının (Digital Markets Act, DMA) pozulması kimi qiymətləndirilir. Qanun bu platformalardan tələb edir ki, onlarla işləyən bizneslər üçün ədalətsiz şərtlər yaratmasınlar.
DMA-nın pozulması şirkətlər üçün illik dövriyyənin 10%-dək cərimə riski yaradır.
Xatırladaq ki, sentyabr ayında AK Google-u onlayn reklam sahəsində rəqabət əleyhinə fəaliyyətə görə 2,95 milyard avro cərimələmişdi.

