Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Ukrayna böhranının həllinə dair danışıqlarda Rusiyanın iştirakının zəruriliyini vurğulayıb.
Bu barədə Independent yazır.
Nazirin sözləri belə sitat gətirilir:
“Əlbəttə ki, görüləsi hələ çox iş var, lakin əsas məsələ ondadır ki, Rusiya indi danışıqlar masasına oturmalıdır ki, Ukraynanın bombalanması dayansın.”
Bu sözləri o, Avropa ölkələrinin və Ukraynanın xarici işlər nazirlərinin görüşünün nəticələrini şərh edərkən deyib.
O əlavə edib ki, görüş iştirakçıları:
“Ukraynanın suverenliyini və Avropanın təhlükəsizliyini təmin edən ədalətli və davamlı sülhə nail olmaqda öz öhdəliklərini təsdiq etdilər.”
Öz növbəsində Böyük Britaniyanın baş naziri Kir Starmer, jurnalistlərlə söhbətində Ukrayna məsələsinin həllində müəyyən irəliləyiş olduğunu bildirib, lakin vurğulayıb ki, görüləsi iş hələ kifayət qədər çoxdur.
Starmer belə deyib:
“İrəliləyiş var, amma görüləsi hələ çox şey var.”
O, bu mövzunun qarşıdan gələn çərşənbə axşamı “arzulayanlar koalisiyası” ilə keçiriləcək virtual görüşdə müzakirə olunacağını da bildirib.

