Tayvanın xarici işlər nazirinin müavini Fransua Vu son həftələrdə İsrailə gizli səfər edib.
Bu barədə Reuters-ə vəziyyətlə tanış olan üç mənbə məlumat verib.
Bildirilir ki, səfər Tayvanın İsraillə müdafiə sahəsində əməkdaşlığı genişləndirmə cəhdləri fonunda baş tutub.
Pekinin təzyiqi səbəbindən Tayvanın rəsmi diplomatik əlaqələri çox azdır: Çin adanı özünün əyaləti hesab edir. İsrail, əksər ölkələr kimi, Taypeyi deyil, Pekini tanıyır.
Bu səbəbdən tayvanlı yüksək vəzifəli diplomatların İsrail kimi ölkələrə səfərləri nadir hallarda olur. Lakin Tayvan İsraili vacib tərəfdaş sayır.
Mənbələr Fransua Vunun son həftələrdə İsrailə getdiyini, ikisi isə səfərin bu ay baş verdiyini bildirib. Rəsmilərlə hansı görüşlərin keçirildiyi və mövzuların nələr olduğu açıqlanmayıb. Həmçinin Tayvanın İsrail nümunəsi əsasında yaratdığı çoxsəviyyəli T-Dome HAVA hücumundan müdafiə sistemi müzakirə olunub-olunmadığı da bilinmir.
Tayvan XİN səfərlə bağlı şərh verməyib, yalnız tərəflərin ticarət, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib.
İsrail XİN isə Reuters-in sorğusuna cavab verməyib.

