NATO-nun baş katibi Mark Rütte alyans ölkələrinin ciddi təhlükə ilə üz-üzə olduğunu bildirib. O, Berlində çıxışı zamanı NATO üzvlərinin “Rusiyanın növbəti hədəfi” olduğunu deyib və təhlükəsizlik risklərinin artıq özünü göstərdiyini vurğulayıb. Bu barədə The Guardian yazır.
Rütte xatırladıb ki, Haaqada keçirilən NATO sammitində müdafiə xərclərinin artırılması ilə bağlı qəbul edilən qərar müsbət qarşılanıb. Bununla belə, onun sözlərinə görə, “özümüzdən razı qalmaq üçün indi vaxt deyil”.
“Çoxları təhlükənin təcili olduğunu hiss etmir və zamanın bizim xeyrimizə işlədiyinə inanır. Bu, doğru deyil”, — deyə NATO baş katibi bildirib.
Rütte qeyd edib ki, alyans ölkələrinin müdafiə xərcləri və hərbi istehsalı sürətlə artırılmalı, silahlı qüvvələr isə kollektiv təhlükəsizliyi təmin etmək üçün bütün zəruri vasitələrlə təchiz olunmalıdır.
NATO baş katibinin fikrincə, Rusiya alyansa və Ukraynaya münasibətdə “daha cəsarətli, daha məsuliyyətsiz və daha amansız” mövqe nümayiş etdirir. O, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın “şər imperiyası” ifadəsini xatırladaraq bildirib ki, “bu gün prezident Putin yenidən imperiya qurmağa çalışır”.
Rütte Moskva üzərində təzyiqin davam etdirilməsinə və Ukraynadakı müharibənin başa çatdırılmasına yönəlmiş səylərin dəstəklənməsinə çağırıb.

