Amerikanın Blue Origin şirkəti ilk dəfə olaraq əlil arabasında olan bir şəxsi suborbital uçuşun ekipajına daxil edib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Texas ştatındakı kosmodromdan New Shepard raketinin buraxılışı 20 dekabr tarixinə planlaşdırılıb. Uçuşda Avropa Kosmik Agentliyinin mühəndisi Mikaela Benthaus da iştirak edəcək. O, 2018-ci ildə onurğa beyni travması alıb. Benthausla birlikdə daha beş iştirakçı uçacaq.
Uçuş zamanı ekipajı daşıyan kapsul 100 km hündürlükdə yerləşən Karman xəttini — kosmosun şərti sərhədini — keçəcək və daha sonra paraşüt sistemi vasitəsilə Yerə qayıdacaq.
Qeyd edək ki, Blue Origin milyarder sahibkar Ceff Bezos tərəfindən təsis edilib və kosmik turizm bazarında Virgin Galactic şirkəti ilə rəqabət aparır. Virgin Galactic-də bir biletin qiyməti 600 min dollar təşkil edir. İndiyədək New Shepard gəmisində təxminən 80 nəfər uçuş həyata keçirib.

