Böyük Britaniyanın baş naziri Keir Starmer milyarder **Elon Musk**a məxsus xAI şirkətinin hazırladığı Grok çat-botunun dövlət nəzarətinə götürülə biləcəyi ilə hədələyib. Bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, buna səbəb süni intellektin pornoqrafik görüntülər, o cümlədən yetkinlik yaşına çatmayanların iştirakı ilə qadağan olunmuş kontent yaratmaq üçün istifadə olunmasıdır.
Starmer bildirib ki, Maska məxsus X platforması (keçmiş Twitter) öz texnologiyasına nəzarət edə bilməzsə, bu nəzarəti Britaniya hakimiyyəti öz üzərinə götürəcək. O, bu fikirləri Leyboristlər Partiyasından olan deputatlarla görüş zamanı səsləndirib və baş verənləri platforma rəhbərliyinin prioritetlərinin ciddi şəkildə təhrif olunması kimi qiymətləndirib.
Bundan əlavə, Britaniyanın media tənzimləyicisi Ofcom xAI və Grok barəsində rəsmi araşdırmaya başlayıb. Qurum qadağan olunmuş kontentin yaradılması ilə bağlı “son dərəcə narahatedici” məlumatlar aldığını açıqlayıb. Qanun pozuntusu sübuta yetirilərsə, şirkəti qlobal dövriyyəsinin 10 faizinə qədər cərimə gözləyir.

