ABŞ Dövlət Departamenti dövlət büdcəsi üçün yük yarada biləcək müraciətçilərlə mübarizə çərçivəsində Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin işlənməsini dayandırır. Bu barədə qurumun xidməti qeydinə istinadən Fox News telekanalı məlumat yayıb.
Fox News-un əldə etdiyi daxili sənədə əsasən, Dövlət Departamenti yoxlama və nəzarət prosedurlarını yenidən qiymətləndirdiyi müddətdə konsulluq əməkdaşlarına mövcud qanunvericilik əsasında vizaların verilməsindən müvəqqəti imtina edilməsi göstərişi verilib. Məhdudiyyətlər tətbiq olunan ölkələr siyahısına Rusiya, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər dövlətlər daxildir.
Məlumata görə, viza müraciətlərinin qəbulu 21 yanvar tarixindən etibarən dayandırılacaq. Telekanalın bildirdiyinə görə, fasilə müddəti qeyri-müəyyəndir və Dövlət Departamenti viza verilməsi qaydalarına yenidən baxılmasını başa çatdırana qədər davam edəcək.

