ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda dəmir yolu tunelinin tikintisini maliyyələşdirməyə yalnız əsas nəqliyyat obyektlərinə öz adının verilməsi şərti ilə hazır olduğunu bildirib. CNN telekanalının məlumatına görə, bu təklifi o, Senatda demokratların lideri Çak Şumerə irəli sürüb.
Söhbət Nyu-Yorkda iri infrastruktur layihəsi üçün təxminən 16 milyard dolların dondurulmasının aradan qaldırılmasından gedirdi.
“Prezident Donald Tramp ötən ay Senatdakı azlığın lideri Çak Şumerə bildirib ki, nəhayət milyardlarla dolların dondurulmasını ləğv etməyə hazırdır… Bu vəsaitlərin müqabilində Şumer Nyu-Yorkdakı Penn-Station dəmiryol vağzalının və Vaşinqtondakı Dalles beynəlxalq hava limanının Trampın adını daşımasına razılıq verməli idi”, — deyə CNN mənbələrə istinadən xəbər verir.
Təşəbbüs qısa müddətdə rədd edilib. Senator Çak Şumer dövlət başçısına bildirib ki, belə qeyri-standart tələbin icrası onun səlahiyyətlərinə daxil deyil.

