Avstraliyanın Kenquru adasının hakimiyyət orqanları ev heyvanı kimi pişiklərin gətirilməsi və saxlanmasına qadağa tətbiq etməyi planlaşdırır. Bu barədə news.com.au portalı məlumat yayıb.
Qeyd olunur ki, bu addım 2015-ci ildən davam edən sahibsiz pişiklərə qarşı “mübarizə”nin bir hissəsi kimi nəzərdən keçirilir.
“Avstraliyanın bir yerli şurası ölkənin üçüncü ən böyük adasında nəsli kəsilməkdə olan növlərə təhlükə yaradan sahibsiz pişiklərə qarşı müharibə elan edib”, – deyə materialda bildirilir.
Məlumata görə, pişiklər invaziv növ hesab olunur və yerli ekosistemlərə ciddi ziyan vurur. Hakimiyyətin məqsədi 2030-cu ilə qədər adanı bu invaziv növdən tamamilə azad etməkdir.

