OnlyFans platformasının sahibi, milyarder Leonid Radvinski uzun sürən xəstəlikdən sonra 43 yaşında vəfat edib. Bu barədə şirkətin özü məlumat yayıb və xəbəri Bloombergə açıqlamasında təsdiqləyib.
Bildirilir ki, Radvinski uzun müddət xərçənglə mübarizə aparıb və sonda həyatını itirib.
Ukrayna əsilli amerikalı sahibkar 2018-ci ildə OnlyFans-ın ana şirkəti olan Fenix International Limited-i satın alaraq platformanın əsas sahibi və direktoru olub. Onun rəhbərliyi altında platforma qlobal miqyasda sürətlə böyüyərək “yaradıcı iqtisadiyyatın” əsas oyunçularından birinə çevrilib.
Əslində platforma 2016-cı ildə Tim Stokli tərəfindən qurulsa da, onu milyardlarla dollar dövriyyəsi olan nəhəngə çevirən məhz Radvinski olub. Xüsusilə COVID-19 pandemiyası dövründə platforma sürətlə populyarlaşıb.
Radvinski eyni zamanda 2009-cu ildə yaratdığı və əsasən texnologiya sahəsinə yatırım edən “Leo” vençur fonduna da rəhbərlik edirdi.
Məlumata görə, OnlyFans 2023-cü ildə məzmun istehsalçılarına 6,6 milyard dollar ödəniş edib. Platforma istifadəçilərin ödənişlərinin 20 faizini saxlayır, qalan 80 faizi isə yaradıcılar əldə edir.
Forbesun məlumatına əsasən, 2025-ci ilin oktyabr ayına olan hesablamalara görə, Radvinskinin sərvəti 7,8 milyard dollar idi.
Keçən il OnlyFans-ı təxminən 8 milyard dollara satmaq üçün danışıqlar apardığı bildirilmişdi. Həmin dövrdə platformanın 305 milyon istifadəçisi olduğu qeyd olunurdu.

