ABŞ hakimiyyəti Suriyanın sabiq prezidenti Bəşər Əsədlə əlaqəli strukturların silahı narkotiklə dəyişdiyi sxemi ifşa edib.
Bu barədə The Wall Street Journal yazır.
Məlumata görə, Əsədin əmisi oğlu Antuan Kassis bir il əvvəl silah qarşılığında əldə edilən 500 kq kokaini Suriyaya çatdırmalı idi, lakin ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Sövdələşmənin dəyəri təxminən 14 milyon dollar olub.
Bildirilir ki, raketlər, dronlar və qumbaraatanlar daxil olmaqla silahlar İran tərəfindən Suriyaya verilmiş ehtiyatlardan götürülüb.
Mənbənin məlumatına görə, bu əməliyyat “Hizbullah”la əlaqəli şəbəkə vasitəsilə həyata keçirilib və Yaxın Şərqlə Cənubi Amerika arasında xüsusi marşrut qurulub. Son 18 ay ərzində bu şəbəkə vasitəsilə təxminən 82,5 milyon dollar dövriyyə həyata keçirilib.
Kassis narkoterrorçu sövdələşmədə iştirakda təqsirli bilinib və onu 20 ildən ömürlük həbsə qədər cəza gözləyir. O, məhkəmədə Maher Əsədlə əməkdaşlıq etdiyini etiraf edib. Hökmün 2 iyul tarixində çıxarılması gözlənilir.

