Erməni terror ideologiyasının tanınmış fiqurlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri kimi təqdim olunan Zori Balayan ölüb. Bu barədə onun oğlu Ayk Balayan məlumat verib.
Qeyd olunur ki, Zori Balayan uzun illər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib və separatçılığın əsas ideoloqlarından biri kimi tanınıb.
O, Birinci Qarabağ müharibəsinə aparan separatçı hərəkatın təşəbbüskarlarından olub və “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biri kimi çıxış edib.
1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə erməni cəmiyyətində geniş tanınan Zori Balayan bu kitabda tarixi təhrif edərək Qarabağın guya ermənilərə məxsus olduğunu iddia edib.
Kitabda açıq şəkildə nifrət ritorikası yer alıb. O, türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni kimi təqdim edib.
Bundan əlavə, Zori Balayanın 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terror aktının sifarişçisi olduğu iddia edilir.

