Uqandanın silahlı qüvvələrinin rəhbəri və ölkə prezidenti Yoveri Museveninin oğlu Muhozi Kainerugaba Türkiyəyə qarşı sərt və qalmaqallı açıqlamalar verib.
Kainerugaba bildirib ki, Ankara ona 1 milyard dollar ödəməsə və “ən gözəl qadını” həyat yoldaşı kimi təqdim etməsə, ölkəsindəki bütün Türkiyə diplomatik nümayəndəliklərini bağlayacaq.
Bundan əvvəl general-leytenant Muhozi Kainerugaba İsrailə dəstək vermək üçün 100 min əsgər səfərbər edə biləcəyini açıqlamış və Türkiyəyə qarşı sərt bəyanatlar səsləndirmişdi. Onun bu çıxışları beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Prezident Yoveri Museveninin oğlu və mümkün varisi hesab olunan Kainerugaba sosial şəbəkədə paylaşımında Uqanda ordusunun İsraili dəstəkləməyə hazır olduğunu bildirib.
Mən Rəbbimiz İsa Məsihin torpağı olan "Müqəddəs Torpağı" qorumaq üçün 100 min uqandalı əsgəri səfərbər etməyə hazıram, — deyə o qeyd edib.
O, həmçinin bildirib ki, İsrailə dəstəyin əsas səbəbi dini motivasiyadır və onların xristian kimliyi bu mövqedə mühüm rol oynayır.
Digər açıqlamasında isə Kainerugaba Türkiyəni “əsas problem” adlandırıb və Ankara ilə bağlı məsələlər həll olunmasa, diplomatik münasibətlərin kəsilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyəyə 30 günlük müddət verilib və bu müddətdə addım atılmasa, münasibətlər tam dayandırıla bilər.

