İranlı hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbsdə kritik vəziyyətdədir.
Bu barədə France 24 telekanalı Narges Foundation fondunun açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, hüquq müdafiəçisinin səhhəti kəskin şəkildə pisləşib. Onu ziyarət edən ailə üzvləri və vəkillər vəziyyətinin ağır olduğunu təsdiqləyiblər. Məlumata görə, o, saxlanıldığı yerdə qətl ittihamı ilə məhkum olunmuş məhbuslardan təhdidlər də alır ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Nərgiz Məhəmmədi 2023-cü ildə İranda qadınların hüquqları uğrunda mübarizəsinə və insan hüquqlarının müdafiəsinə görə Nobel Sülh mükafatına layiq görülüb. Son 20 ildə o, dəfələrlə həbs edilib və ümumilikdə 40 ildən çox həbs cəzasına məhkum olunub, bunun 10 ildən çoxunu artıq çəkib.
Sonuncu hökmə əsasən, o, Məşhəd şəhər məhkəməsinin qərarı ilə 7 ildən artıq azadlıqdan məhrum edilib. Ona həmçinin iki il ölkədən çıxış qadağası və Xosf şəhərinə daxili sürgün cəzası verilib.
Qeyd olunur ki, Nərgiz Məhəmmədi 2025-ci ilin dekabrında hüquqşünas Xosrov Əlikordinin anım mərasimində saxlanılıb. 2026-cı ilin fevralında isə o, həbsdə aclıq aksiyasına başlayıb.

