Fransada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Al Səud barəsində məhkəmə araşdırmasına başlanılıb. Bu barədə Agence France-Presse məlumat yayıb.
Agentliyin məlumatına görə, araşdırma 2018-ci ildə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin yoxa çıxması işi ilə bağlıdır.
Fransanın Milli Antiterror Prokurorluğunda bildirilib ki, işgəncə və zorla yoxa çıxarma ehtimalları üzrə araşdırma aparılır. Vəliəhd şahzadəyə qarşı şikayət hələ 2022-ci ilin iyulunda, onun Parisə rəsmi səfərindən əvvəl təqdim olunmuşdu.
Şikayəti qeyri-hökumət təşkilatlarının nümayəndələri veriblər. Onlar iddia edirdilər ki, vəliəhd şahzadə statusu dövlət başçılarına məxsus immunitet hüququ vermir.
Krallığın siyasətini tənqid edən jurnalist Camal Xaşuqci 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxmışdı. Oktyabrın 20-də Səudiyyə hakimiyyəti onun diplomatik nümayəndəliyin binasında baş verən münaqişə nəticəsində öldürüldüyünü bildirmişdi.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud “The Washington Post”un köşə yazarının qətlini “iyrənc cinayət” adlandırmış və onun ölümünə görə məsuliyyəti qəbul etdiyini bəyan etmişdi.

