ABŞ mərkəzli Pew Research şirkətinin 8 fevral – 13 may tarixlərində 36 ölkədə keçirdiyi sorğuda 44 657 yetkin iştirakçının İsraillə bağlı fikirləri öyrənilib.
Sorğunun nəticələrinə görə, bu ölkələrdə İsrailə qarşı “olumsuz” münasibət bildirən iştirakçıların nisbəti hesablanıb. Məlum olub ki, bu göstəricilər üzrə orta dəyər 67 faiz təşkil edir.
Digər tərəfdən, İsrailə dair “müsbət” fikirlərin orta göstəricisi isə 25 faiz olub.
İsrailə qarşı ən yüksək mənfi münasibətin Türkiyə, Banqladeş, İndoneziya, Malayziya, Pakistan, eləcə də İordan çayının qərb sahili və Şərqi Qüdsdə olduğu müəyyən edilib.
Türkiyədən olan iştirakçıların 91 faizi İsrail haqqında “çox mənfi”, 5 faizi isə “bir qədər mənfi” fikir bildirib.
Müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrdən kənarda da İsrailə qarşı yüksək mənfi münasibət qeydə alınıb.
İsrail haqqında mənfi fikir bildirənlərin nisbəti ABŞ-da 60 faiz, Kanadada isə 65 faiz olub.
Sorğuya daxil edilən bütün Avropa ölkələrində də İsrailə qarşı mənfi münasibətin yüksək olduğu ortaya çıxıb. Həm İsveçdə, həm də İspaniyada iştirakçıların 78 faizi İsrailə qarşı mənfi münasibət bəslədiyini bildirib.
İtaliya, Niderland, Almaniya, Böyük Britaniya və Fransada isə yetkin əhalinin yarıdan çoxu İsraili mənfi qiymətləndirib.
Asiya-Sakit okean regionunda da oxşar mənzərə müşahidə olunub. Yaponiyada iştirakçıların 83 faizi, Avstraliyada 79 faizi, Cənubi Koreyada isə 70 faizi İsrailə dair mənfi fikir ifadə edib.
Digər ölkələrdən fərqli olaraq, Hindistanda iştirakçıların 32 faizi İsrail haqqında müsbət, 28 faizi isə mənfi düşündüyünü bildirib.
Trendlərlə bağlı məlumatların mövcud olduğu 24 ölkədən 13-də 2025-ci ildən bu yana İsrailə qarşı mənfi münasibətin artdığı müəyyən edilib. Mənfi münasibətin azaldığı yeganə ölkənin isə Yunanıstan olduğu bildirilib.
Sorğuda 36 ölkədən olan iştirakçılara İsrailin Baş naziri Binyamin Netanyahu ilə bağlı fikirləri də soruşulub.
Nəticələrə görə, ölkələrin əksəriyyətində iştirakçıların böyük hissəsi Netanyahunun dünya məsələlərində doğru addım atacağına çox az güvəndiyini və ya heç güvənmədiyini bildirib.
Sorğuya əsasən, Keniya və Filippin iştirakçıların yarıdan çoxunun Netanyahuya etimad göstərdiyini dediyi iki ölkə olub.

