Bir çox ölkədə buddistlər Dalay Lama XIV Tenzin Gyatsonun 91-ci doğum günü münasibətilə onun uzun ömürlü olması üçün dualar oxuyacaqlar.
Bu barədə Rusiya Buddistlərinin Mərkəzi Ruhani İdarəsinin sədri geşe Yonten RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, Dalay Lama yalnız buddistlər üçün deyil, dünyanın müxtəlif ölkələrində onun təlimlərini dinləyən və ideyalarından ilham alan bir çox insan üçün müəllim hesab olunur.
Geşe Yonten qeyd edib ki, Dalay Lama ümumbəşəri etika, mərhəmət və sülh haqqında danışdığı üçün onun mümkün qədər uzun müddət insanlarla qalması böyük əhəmiyyət daşıyır.
Dalay Lama ötən ilki doğum günü ərəfəsində 130 ildən çox yaşamağa ümid etdiyini bildirmişdi. Reuters-in məlumatına görə, o, 2025-ci ildə Dharamşalada keçirilən uzunömürlülük duası mərasimində bu fikri səsləndirmişdi.
Ötən il Dalay Lama diz oynağının dəyişdirilməsi əməliyyatı keçirib. O, səhhəti üçün dua edən və qayğı göstərən hər kəsə təşəkkür etmiş, eyni zamanda sağlamlığı ilə bağlı təxribat xarakterli məlumatlara inanmamağa çağırmışdı.
Dalay Lama XIV 1959-cu ildən sürgündə yaşayır. Çin hökuməti onu separatçılıqda ittiham edir. Tibet buddizminin inancına görə, Dalay Lama reinkarnasiya olunur və o, varislik qaydası ilə bağlı qərarın yalnız öz dini ənənələri çərçivəsində müəyyən ediləcəyini bildirib.

