ABŞ Prezidenti Donald Trampa Qətər tərəfindən hədiyyə edilən yeni təyyarənin təhlükəsizlik boşluqları ilə bağlı məlumat sızmasının araşdırılmasına Ağ Evin aparat rəhbəri Syuzi Uayls və FTB direktoru Keş Patel şəxsən nəzarət ediblər.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, araşdırma çərçivəsində ABŞ prezident administrasiyasının bir sıra rəsmilərindən telefonlarını birbaşa Ağ Ev ərazisində təhvil vermələri tələb olunub.
Telekanalın məlumatına görə, Tramp təyyarənin zəif nöqtələri barədə məlumatın sızmasına görə ciddi qəzəblənib. Bundan dərhal sonra bütün hökumət strukturlarını əhatə edən sərt araşdırmaya başlanılıb.
İstintaq bəzi qurumlarda panikaya səbəb olub. Hətta dövlət qurumlarından biri əməkdaşlarına hüquqşünasların iştirakı olmadan telefonlarını təhvil verməyi qadağan edib.
Araşdırmaya görə, Keş Patel Çikaqoya planlaşdırılan səfərini ləğv edib və Syuzi Uaylsla birlikdə yeddi saat ərzində qapalı görüş keçirib.

