Fransanın “Milli Birlik” parlament fraksiyasının lideri Marin Le Pen Avropa Parlamentinin köməkçiləri ilə bağlı iş üzrə Paris Apellyasiya Məhkəməsinin hökmündən Kassasiya Məhkəməsinə şikayət edib.
Bu barədə BFMTV telekanalı məlumat yayıb. Le Penlə yanaşı, iş üzrə daha 10 nəfərin də məhkəmə qərarına etiraz etdiyi bildirilir.
Fransa mediasının məlumatına görə, kassasiya şikayətlərinə adətən bir ildən ilyarımadək müddətdə baxılır. Lakin 2027-ci il prezident seçkilərinin yaxınlaşması səbəbindən proses sürətləndirilə bilər. Qərarın seçkinin aprelin 18-də keçiriləcək birinci turundan əvvəl — 2027-ci ilin aprel ayının əvvəlinədək verilməsi gözlənilir.
Paris Apellyasiya Məhkəməsi daha əvvəl Le Penin seçkilərdə iştirakına qoyulan qadağanı 15 aylıq real müddətə endirib. Bu müddət artıq başa çatdığı üçün o, hazırda 2027-ci il prezident seçkilərində namizəd ola bilər.
Məhkəmə onun həbs cəzasını da üç ilədək azaldıb. Cəzanın iki ili şərti, bir ili isə elektron qolbaqla ev dustaqlığı formasında nəzərdə tutulub. Kassasiya şikayəti cəzanın icrasını müvəqqəti dayandırır.
Marin Le Pen artıq 2027-ci il prezident seçkilərində namizəd olacağını açıqlayıb.

