Fransanın keçmiş baş naziri və Prezident Emmanuel Makronun sosial-liberal “Renaissance” partiyasının rəhbəri Qabriel Attal 2027-ci il prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Bu barədə Le Figaro qəzeti məlumat yayıb. Reuters də Attalın prezidentlik yarışına rəsmən qoşulduğunu yazır.
Qabriel Attal qərarını Oksitaniya regionunda yerləşən Mür-de-Barres kəndinin sakinləri ilə görüşündə elan edib.
Prezident seçkilərində namizədliyimi irəli sürmək qərarına gəldim,— deyə Attal bildirib.
Fransada 2027-ci il prezident seçkiləri artıq siyasi düşərgələr arasında ciddi rəqabətə səbəb olur. Daha əvvəl sağ mərkəzçi “Horizons” partiyasının sədri və keçmiş baş nazir Eduar Filip də seçkilərdə iştirak niyyətini açıqlamışdı. Reuters yazır ki, Attalın namizədliyi mərkəzçi elektorat uğrunda mübarizəni daha da gücləndirir.
Sorğulara görə, seçki perspektivində sağ millətçi “Milli Birlik” partiyasının sədri Jordan Bardella da populyar namizədlərdən biri kimi göstərilir. Fransada ifrat sağın mövqelərinin gücləndiyi də beynəlxalq mediada geniş təhlil olunur.
Qeyd edək ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Hazırkı prezident Emmanuel Makron üçüncü dəfə ardıcıl namizəd ola bilməyəcək, çünki Fransa Konstitusiyası prezidentə ardıcıl iki müddətdən artıq vəzifədə qalmağa icazə vermir.

