Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtondan qayıdarkən Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Anadolu Agentliyinin məlumatına görə, Zelenski söhbət zamanı Makrona Ağ Ev və ABŞ Senatındakı görüşləri, eləcə də mövcud diplomatik gözləntilər barədə məlumat verib. O bildirib ki, sülhə yaxınlaşmaq üçün bütün imkanlardan istifadə edilməlidir.
Danışıq zamanı Fransada davam edən iri meşə yanğınları da müzakirə olunub. Zelenski Ukraynanın yanğınların söndürülməsinə dəstək verməyə hazır olduğunu və ukraynalı mütəxəssislərin bu işlərə qoşula biləcəyini deyib.
Liderlər həmçinin qışa hazırlıq, enerji və hava hücumundan müdafiə paketlərinin çatdırılması məsələlərini müzakirə ediblər.

