Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra başlanmış iqtisadi islahatların mühüm mərhələsi tamamlanıb. Dövriyyədən çıxarılan köhnə əsginasların hüquqi qüvvəsi 31 iyul 2026-cı ildə rəsmən başa çatıb.
Türkiyə mediasının məlumatına görə, Əhməd Şaranın rəhbərlik etdiyi keçid hökumətinin həyata keçirdiyi pul islahatı çərçivəsində köhnə banknotların gündəlik ticarətdə istifadəsinə verilən 90 günlük müddət bitib.
Suriya Mərkəzi Bankının yanvarın 3-də dövriyyəyə buraxdığı yeni əsginaslarla yanaşı, yerli valyutanın dəyərini və etibarını artırmaq məqsədilə banknotlardan iki sıfır silinib.

Köhnə rejim dövrünün siyasi simalarının təsvir edildiyi pulların yerinə 10, 25, 50, 100, 200 və 500 Suriya lirəsi nominallı yeni banknotlar buraxılıb. Yeni əsginasların üzərində ölkənin bərəkətini simvolizə edən zeytun, gül, buğda və portağal kimi kənd təsərrüfatı təsvirlərinə yer verilib.
Köhnə pulların istifadə müddətinin başa çatması Suriya küçələrində diqqətçəkən görüntülərlə müşayiət olunub. Bəzi vətəndaşlar üzərində Bəşər Əsədin portreti olan əsginasları yandıraraq yeni dövrü qeyd ediblər.

İstifadəsiz qalan digər banknotların isə xüsusi avadanlıqlarda məhv edildiyi bildirilir. Həmin görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq Suriyada siyasi və iqtisadi dəyişikliklərin simvollarından birinə çevrilib.

