Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yaydığı bəyanatda həbsxanada saxlanma şəraitini qeyri-insani və beynəlxalq normalara görə işgəncəyə bərabər adlandırıb.
Saakaşvili iddia edib ki, kiçik, qaranlıq və antisanitar kamerada saxlanılır. Onun sözlərinə görə, həbsxananın yaxınlığında yerləşən sement zavodundan yayılan toz nəfəs almasını çətinləşdirir.
Keçmiş prezident yazıb:
“Oktyabrın 1-də həbsimin beş ili tamam olacaq. Bu, Servantesin əsirlikdə keçirdiyi müddət qədərdir. Bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılmaq beynəlxalq normalara görə işgəncə və qeyri-insani rəftar sayılır.”
Saakaşvili həmçinin bildirib ki, ona telefon danışığı üçün yalnız həftədə bir neçə dəqiqə, əsasən qızı ilə əlaqə saxlamaq imkanı verilir.
O, Ukrayna konsulu ilə görüşünə, Ukrayna materiallarına çıxışına icazə verilmədiyini, vəkillərinin isə uşaqları və nəvəsinin fotolarını gətirməsinə mane olunduğunu iddia edib.
Mixail Saakaşvili dörd hökm üzrə 2034-cü ilədək həbs cəzası çəkir.

