ABŞ-ın Miluoki şəhərində 8 il əvvəl qalereyadan oğurlanan Pablo Pikassonun “Torero” adlı orijinal ofortu polisə təhvil verilib.
Spectrum News-un məlumatına görə, əsəri polis bölməsinə kimliyi açıqlanmayan kişi gətirib. Ekspertiza 1949-cu ildə düyü kağızı üzərində hazırlanmış əsərin orijinal olduğunu təsdiqləyib. Əsərin üzərində 9 seriya nömrəsi və Pikassonun yaşıl karandaşla çəkilmiş imzası var.
“Torero” 16 fevral 2018-ci ildə Miluokinin mərkəzində yerləşən qalereyadan oğurlanmışdı. Naməlum şəxs əsəri divardan götürərək ərazidən uzaqlaşmışdı.
Səkkiz ildən sonra əsəri polisə gətirən şəxsin kimliyi və ofortun bu müddət ərzində harada və hansı şəraitdə saxlanıldığı açıqlanmır.
Əsər artıq qalereyanın nümayəndəsi Uilyam DeLində qaytarılıb.

