İrlandiyanın ən çox axtarılan şəxslərindən biri hesab olunan 49 yaşlı Daniel Kinahanın ölkəsinə ekstradisiyası üçün proses başlayıb.
İrlandiya mediasının məlumatına görə, hökumətə məxsus təyyarə Dubaya enib və Kinahanın Birləşmiş Ərəb Əmirlikləri hakimiyyətindən İrlandiya təhlükəsizlik qüvvələrinə təhvil verilməsi gözlənilir.
Kinahanın bazar günü Dublin yaxınlığındakı Baldonnel/Casement aerodromuna gətirilərək dərhal həbs olunması və Xüsusi Cinayət Məhkəməsi qarşısına çıxarılması planlaşdırılır.
49 yaşlı Kinahan uzun illərdir Dubayda yaşayırdı. O, İrlandiya hakimiyyətinin tələbi ilə 2026-cı ilin aprelində saxlanılmış, ekstradisiyaya qarşı hüquqi mübarizə aparmışdı. Apellyasiya müraciətlərinin rədd edilməsindən sonra onun İrlandiyaya göndərilməsinə hüquqi maneə qalmayıb.
İrlandiya prokurorluğu Kinahanı 2015–2017-ci illərdə mütəşəkkil cinayətkar qrupun fəaliyyətini idarə etməkdə ittiham etmək niyyətindədir. İş materiallarında qətllər, qətl cəhdləri, narkotik ticarəti və çirkli pulların yuyulması ilə bağlı sübutların olduğu bildirilir.

Polis hesab edir ki, Kinahan şifrəli mesajlaşma vasitəsilə cinayətkar qrupun yüksək rütbəli üzvləri ilə əlaqə saxlayıb və əməliyyatları koordinasiya edib.
Onun İrlandiyaya gətirilməsi ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Məhkəmə zamanı silahlı polis əməkdaşlarının xidmət aparacağı, daha sonra isə onun yüksək təhlükəsizlikli Portlaoise həbsxanasına göndəriləcəyi bildirilir.
ABŞ daha əvvəl Kinahan cinayət şəbəkəsinin rəhbərlərinin tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollar mükafat təklif etmişdi.

