Bloqer Hüseyn Həsənovun (Hüseynxan Həsənov) müdafiə tərəfi Moskvanın Presnenski Məhkəməsinin onun barəsində çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə hökmündən şikayət verib.
“Kommersant” yazır ki, bu barədə vəkil Mixail Yusupov məlumat verib.
Vəkil bildirib ki, müdafiə tərəfi ittiham hökmü ilə razı deyil və işin hallarını nəzərə alaraq Həsənovun bəraət almalı olduğunu düşünür.
“İttiham hökmü ilə razı deyilik. İşin hallarını nəzərə alaraq o, bəraət almalıdır. Qısa şikayət vermişik, hökmün mətnini isə hələ almamışıq”, – Yusupov deyib.
Daha əvvəl Moskvanın Presnenski Rayon Məhkəməsi Hüseyn Həsənovu vergidən yayınmaq məqsədilə pulların leqallaşdırılmasında təqsirli bilib.
O, qiyabi olaraq 4 il həbs cəzasına, 1 milyon rubl cəriməyə məhkum edilib. Bundan başqa, Həsənovun “Moskva-Siti”də yerləşən və 68 milyon rubl dəyərində qiymətləndirilən mənzillərinin müsadirəsinə qərar verilib.

