Misir məhkəməsi Hurqadada Rusiya vətəndaşı Svetlana Medvedevanı qətlə yetirməkdə təqsirli bilinən Məhəmməd Bədəvini ölüm cəzasına məhkum edib.
RİA Novosti məhkəmə sənədlərinə istinadən yazır ki, məhkəmə cəzanın yüngülləşdirilməsi üçün əsas görməyib və cinayətin qəsdən və xüsusi amansızlıqla törədildiyi qənaətinə gəlib.
Müdafiə tərəfi qətlin motivinin olmadığını əsas gətirərək daha yüngül cəza istəyib. Lakin məhkəmə zərərçəkənə vurulan çoxsaylı xəsarətlərin xarakterini, eləcə də təqsirləndirilən şəxsin hadisədən əvvəl və sonra davranışını nəzərə alaraq bu arqumentləri qəbul etməyib.
Misir qanunvericiliyinə uyğun olaraq hökm çıxarılmazdan əvvəl işin materialları ölkənin ali müftisinə göndərilib. Ali müfti də ölüm hökmünü dəstəkləyib.
Məlumata görə, hadisə ötən ilin oktyabrında baş verib. Məhəmməd Bədəvi qapısı kilidlənməmiş mənzilə oğurluq məqsədilə daxil olub. Qadın müqavimət göstərdikdən sonra o, rusiyalını bıçaqlayaraq öldürüb, daha sonra pulunu və mobil telefonunu götürüb. Qadının meyitini binanın mühafizəçiləri aşkar ediblər.

