Apple korporasiyasının qurucusu və uzun illər rəhbəri olmuş Stiv Cobsun uğurunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mühüm rolu olduğu bildirilir.
The Wall Street Journal keçmiş jurnalist Şeron Vaynbergerin kitabına istinadən yazır ki, 1980-ci illərdə MKİ Cobsun şirkətindən minlərlə kompüter alıb və bu müqavilə onun biznesinin inkişafına kömək edib.
Nəşrdə qeyd olunur:
“1980-ci illərdə NeXT şirkətinin ayaqda qalmasına kömək edən MKİ maliyyəsi olmasaydı, Stiv Cobs bəlkə də Apple-a triumfal dönüşünü edə bilməzdi.”
Cobs 1985-ci ildə Apple-dan ayrıldıqdan sonra NeXT şirkətini yaradıb. Lakin şirkətin baha kompüterləri gözlənilən marağı görməyib. Cobsun əsas müştəri kimi nəzərdə tutduğu universitetlər onları almaqdan imtina ediblər.
Məhz həmin dövrdə MKİ nümayəndələrinin bir il ərzində 20 min kompüterə ehtiyac duyduqlarını bildirdikləri qeyd olunur. İstehsalın ayda bir neçə min ədədə çatdırılması üçün Sun Microsystems mütəxəssisləri də prosesə cəlb edilib.
Yüksək ayırdetmə qabiliyyətinə malik ekranları olan kompüterlər ABŞ-ın hərbi-kosmik kəşfiyyat strukturları tərəfindən peyk görüntülərinin emalı və rəhbərlik, eləcə də qanunvericilər üçün materialların hazırlanmasında istifadə olunub.
Daha sonra MKİ həmin iş stansiyalarını daha güclü Motorola çipi və Intel videokartı ilə modernləşdirib.
Müqavilə NeXT-in inkişaf etməsinə imkan verib və şirkət sonradan Apple-ın tərkibinə daxil olub. NeXT-in əməliyyat sistemi daha sonra Apple məhsullarının əsaslarından birinə çevrilib, Cobs isə yenidən şirkətin rəhbərliyinə qayıdıb.

