Ermənistanın yeni Konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti “Qarabağ hərəkatını” davam etdirməmək və ona son qoymaq barədə qərar qəbul edib və bu mövqe ölkə vətəndaşları tərəfindən də dəstəklənib.
“Biz Qarabağ hərəkatını davam etdirməmək, ona son qoymaq qərarımızı elan etdik və xalq bu qərarı dəstəklədi”, – Paşinyan deyib.
Baş nazir vurğulayıb ki, yeni Konstitusiyanın qəbulu Ermənistanın sırf daxili gündəliyidir. Onun sözlərinə görə, vətəndaşlar “Vətəndaş Müqaviləsi” partiyasına səs verməklə müvafiq siyasi proqramı da dəstəkləyiblər.
Paşinyan bildirib ki, yeni əsas qanunda Müstəqillik Bəyannaməsinə istinadın saxlanılması “münaqişə məntiqinə qayıdış” mənasına gələrdi.
Yeni Konstitusiyanın mətninin yaxın aylarda ictimaiyyətə təqdim olunacağı açıqlanıb. Paşinyanın sözlərinə görə, sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə hər hansı istinad yer almamalıdır.

