BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri, Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT-dəki fəaliyyətini başa vurduqdan sonra Nyu-Yorkdakı Kolumbiya Universitetində dərs deyəcək.
DPA agentliyinin məlumatına görə, Berbok bu payızdan “Qlobal Liderlik” istiqaməti üzrə professor kimi fəaliyyət göstərəcək və “Global Leadership” üzrə dövlət idarəçiliyi magistr proqramının həmsədrlərindən biri olacaq.
Məlumata əsasən, onun universitetlə müqaviləsi 3 il müddətinə və tam iş rejimi ilə nəzərdə tutulub. Söhbət klassik akademik vəzifədən deyil, daha çox praktik təcrübəyə əsaslanan fəaliyyətdən gedir.
“Bild” yazır ki, Berboka “Professor of Professional Practice” – peşəkar praktika professoru adı veriləcək. Bu vəzifə akademik karyeradan kənarda ciddi peşəkar təcrübəsi olan mütəxəssislər üçün nəzərdə tutulur.
Kolumbiya Universitetinin rəsmi məlumatında “MPA in Global Leadership” proqramının 10 ildən çox iş təcrübəsi olan orta karyera səviyyəli rəhbərlər üçün hazırlandığı bildirilir. Universitetin proqram səhifəsində ikinci həmsədrin 2026-cı ilin payızında elan ediləcəyi də göstərilir.
Berbokun BMT Baş Assambleyasının sədri kimi birillik səlahiyyət müddəti 8 sentyabr 2026-cı ildə başa çatacaq. Bundan sonra o, Nyu-Yorkda qalaraq yeni fəaliyyətinə başlayacaq.

