Fransada mühafizə olunan dayanacaqdan bahalı avtomobillərin kütləvi oğurlanmasında iştirak edən cinayətkar qrupun bir neçə üzvü saxlanılıb.
Bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Paris prokurorluğundakı mənbə nəşrə bildirib ki, oğurlanan 27 avtomobildən 21-i artıq tapılıb. Onların arasında Porsche, Ferrari və Maserati markalı avtomobillər var. Maşınların ümumi dəyəri təxminən 2 milyon avro qiymətləndirilir.
Qeyd olunur ki, tapılan avtomobillərin bir hissəsi zədələnib və ya qismən yandırılıb. Bununla belə, cinayətkarlar maşınları ölkənin müxtəlif bölgələrinə aparmağa macal tapıblar. Avtomobillərin əksəriyyəti paytaxt regionunda aşkarlanıb, bəziləri isə Nant və Lion ətrafında tapılıb.
İstintaqın məlumatına görə, Parisin XV dairəsində mayın 16-dan 17-nə keçən gecə törədilən kütləvi avtomobil oğurluğunda təxminən 50 nəfər iştirak etmiş ola bilər. Bu nəticə müşahidə kameralarının görüntülərinin təhlili əsasında çıxarılıb. Bildirilir ki, cinayətkarlar giriş qapısını sındıraraq dayanacağa daxil olub, daha sonra avtomobillərin açarlarını və sənədlərini oğurlayıblar.

