Türkiyədə Etimesqut Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu həbs olunub.
İstintaq mənimsəmə, rüşvət, tenderə müdaxilə, vəzifədən sui-istifadə və cinayətkar təşkilat yaratmaq ittihamları üzrə aparılır.
“Hürriyet”in məlumatına görə, saxlanılan şəxslərdən 40-ı barəsində həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında bələdiyyə sədrinin müavini Mutlu Kerimoğlu və Şəhərsalma İdarəsinin rəhbəri Serpil Zengin də var.
Məhkəmədə ifadə verən Erdal Beşikçioğlu ittihamları qəbul etməyib. O, bələdiyyədəki təyinatların peşəkarlıq prinsipi əsasında həyata keçirildiyini və heç bir maddi mənfəət əldə etmədiyini bildirib.
Nəşrin yazdığına görə, daxil olan şikayətlərdən sonra Beşikçioğludan götürülən qan, sidik və saç nümunələri laboratoriyada yoxlanılıb. Analizlərdə onun narkotik maddə testinin müsbət çıxdığı iddia olunur və bu nəticənin istintaq materiallarına əlavə edildiyi bildirilir.
Ankara Qərb Sülh Cəza Hakimliyi 44 şübhəlidən 40-nın həbsinə qərar verib. Digər 4 nəfər xaricə çıxış qadağası və həftədə bir dəfə polis bölməsində qeydiyyatdan keçmək şərti ilə azadlığa buraxılıb.
Etimesqut Bələdiyyəsi ilə bağlı istintaqın çoxşaxəli şəkildə davam etdiyi bildirilir.

