Kolumbiyanın səlahiyyət müddəti başa çatan prezidenti Qustavo Petro dörd illik mandatını tamamlayaraq dövlət başçısı vəzifəsini rəsmən tərk edib.
Petro prezident sarayı Casa de Nariño qarşısında keçirilən hərbi ehtiram mərasimində çıxış edərək hökumətinin fəaliyyətinin xalqın və ölkənin maraqlarına xidmət etdiyini bildirib.
O, həmçinin hakimiyyətin ötürülməsinə mane olmayacağı barədə verdiyi sözü yerinə yetirdiyini vurğulayıb.
“Burada etdiyimiz hər şey xalq üçün idi. Ümid edirəm ki, bizi xatırlayacaqlar. Əlvida, azadlıq və həyat”, – deyə Petro bildirib.
Kolumbiyanın keçmiş prezidenti müxalifətin onun parlamenti buraxa və ya hakimiyyətdə qalmağa cəhd göstərə biləcəyi ilə bağlı ittihamlarına da cavab verib.
Petro qeyd edib ki, prezidentliyi dövründə Konqresi bir gün belə bağlamayıb. Hakimiyyətin təhvil verilməsi mərasiminin isə ənənəvi olaraq qanunvericilərin toplandığı Boqotada deyil, Kali şəhərində keçirildiyini bildirib.

