İsraildə Baş nazir Benyamin Netanyahunun parlament seçkilərində saxtakarlıq edilməsi ilə bağlı iddialarını təsdiqləyən sübut tapılmayıb.
İsrail Mərkəzi Seçki Komissiyasının sədri Noam Solberq bildirib ki, ölkənin daxili təhlükəsizlik xidməti “Şin-Bet”in araşdırması zamanı seçkinin nəticələrini dəyişdirə biləcək miqyasda qanun pozuntusu müəyyən edilməyib.
Netanyahu oktyabrın 27-də keçirilən seçkilərdə ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etmişdi. Solberqin sözlərinə görə, müəyyən şübhələr mövcud olsa da, nəticələrə təsir göstərə biləcək miqyasda seçicilərin pulla ələ alınmasına dair sübut yoxdur.
Araşdırma davam etdiriləcək və əsas diqqət xarici müdaxilə ehtimallarına yönəldiləcək.
Digər tərəfdən, İsrailin “Kanal 12” televiziyası Netanyahunun ofisinin seçki günü ərəb partiyalarına qarşı saxtakarlıq ittihamlarını təşkil etmiş ola biləcəyini iddia edib.
Məlumata görə, “Raam” partiyasının üç fəalının evində məhkəmə qərarı olmadan axtarış aparılıb. Polis hadisə ilə bağlı daxili yoxlamaya başlayıb, Baş prokuror Qali Baharav-Miara isə cinayət araşdırmasının başlanması məsələsini nəzərdən keçirir.

