ABŞ-də sosial şəbəkələrdə yayılan “qiyamət günü” və genişmiqyaslı texnoloji fəlakət iddiaları əhali arasında təşviş yaradıb. İnsanlar kütləvi şəkildə ərzaq, içməli su və fövqəladə hallar üçün lazım olan vasitələr almağa başlayıblar.
“New York Post” nəşrinin məlumatına görə, alış-verişə marağın kəskin artması oktyabrın sonlarından müşahidə olunur.
“Costco” supermarketlər şəbəkəsində düyü, konservləşdirilmiş məhsullar, içməli su, generatorlar, batareyalar və kağız məhsullarına tələbat artıb. Bu tendensiya noyabrın ortalarında da davam edib.
Əhalinin narahatlığına son günlər ABŞ-də baş verən genişmiqyaslı texniki nasazlıqlar da təsir göstərib. “Outlook”, “Teams”, “JPMorgan Chase”, “United Airlines” və “Apple Pay” kimi xidmətlərin fəaliyyətində fasilələr yaranıb. ABŞ Federal Aviasiya Administrasiyası da ölkə üzrə uçuşları müvəqqəti dayandırıb.
Nasazlıqlar texniki problemlərlə izah edilsə də, sosial şəbəkələrdə kiberhücumlar, hökumət sui-qəsdləri və nəzarətdən çıxmış süni intellekt barədə müxtəlif iddialar yayılıb.

