Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarənin anası 2006-cı ildə həyat yoldaşı Ağa Mehdiyevdən boşanaraq ailəni tərk edib. Həmin vaxt üç yaşı olan Gülarə atasının himayəsində qalıb.
Ağa Mehdiyev 2007-ci ildə yenidən ailə qurub. İkinci nikahından dörd övladı dünyaya gəlib. Onlardan ilki 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev olub. Gülarənin ögey anası ona doğma övladı kimi yanaşaraq beş uşağın hamısını böyüdüb. Ailənin kiçik övladlarından biri ağır xəstədir və yataq xəstəsidir.
Hadisə noyabrın 16-da Bakının Binəqədi rayonunun 9-cu mikrorayonunda, Həmzə Babaşov küçəsindəki 11a nömrəli binada baş verib. Həmin vaxt valideynlər evdə olmayıb.
İlkin məlumata görə, dərsdən qayıdan Ayxan bacısının sosial şəbəkədə paylaşdığı açıq-saçıq fotoları və həmin şəkillərdən birinə tanımadığı gənclərin yazdığı şərhləri görüb. Bundan qəzəblənən gənc bacısından fotoları silməsini tələb edib.
Gülarə bu tələbi rədd edib. Nəticədə aralarında yaranan mübahisə zamanı Ayxanın bacısına hücum edərək onu qətlə yetirdiyi bildirilir.

