Almaniya və Niderlandda fəaliyyət göstərən “Flink” çatdırılma xidmətinin məlumat bazası kiberhücuma məruz qalıb. Təxminən bir milyon istifadəçinin şəxsi məlumatlarının ələ keçirildiyi bildirilir.
NL Times-ın məlumatına görə, LPG Group adlı haker qrupu şirkətin əməkdaşlarına aid məlumatlara da çıxış əldə edib.
Kibercinayətkarların əlinə müştərilərin adları, poçt indeksləri, elektron poçt ünvanları və telefon nömrələri keçib.
Hakerlər artıq bəzi istifadəçilərlə əlaqə saxlayaraq məlumatlarının silinməsi müqabilində təxminən 11,8 avro tələb edirlər. Qrup “Flink”dən isə oğurlanmış bütün məlumatların silinməsi üçün oktyabrın 2-dək təxminən 237 min avro ödənilməsini istəyib.
“Flink” şirkəti məlumatlara icazəsiz girişin dərhal bloklandığını və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.
Hadisə ilə bağlı xarici kibertəhlükəsizlik mütəxəssislərinin iştirakı ilə geniş araşdırmaya başlanılıb. Şirkət Almaniyanın məlumatların mühafizəsi üzrə qurumunu məlumatlandırıb, həmçinin Almaniya və Niderland hüquq-mühafizə orqanlarına müraciət edib.

