Beyləqan rayonunun Təzəkənd kəndində aparılan arxeoloji qazıntılar zamanı qədim tikililərin qalıqları aşkarlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu məlumat yayıb.
Ardıcıl mədəni təbəqələr və memarlıq qalıqları Mil düzündə yerləşən yaşayış məskəninin bir neçə mərhələdə formalaşdığını və inkişaf etdiyini göstərir.
Cari ilin iyul-avqust aylarında altı sahədə arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı mədəni təbəqənin təxminən bir metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib. A kvadratında 97 santimetr dərinlikdə 40×35 santimetr ölçülü çiy kərpiclərdən döşənmiş döşəmə, B kvadratında isə 92-93 santimetr dərinlikdə bişmiş qırmızı kərpicdən hörülmüş tikili qalıqları aşkarlanıb.
Bundan əlavə, arxeoloqlar keramika nümunələri, tikinti materialları və sümük qalıqları aşkar edərək sənədləşdiriblər.
Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə yerüstü arxeoloji kəşfiyyat zamanı qeydə alınıb. Burada ilk sistemli tədqiqatlar 1953-1957-ci illərdə Örənqala arxeoloji ekspedisiyası tərəfindən aparılıb. 1957-ci ildə abidənin mədəni təbəqəsinin 3,5 metr dərinliyə çatdığı müəyyən edilib.
Əvvəlki tədqiqatlar zamanı aşkarlanan keramika nümunələri və Oktavian Avqustun hakimiyyəti dövrünə aid gümüş denarilər yaşayış məskəninin eramızdan əvvəl II-I əsrlərdən eramızın V-VII əsrlərinədək mövcud olduğunu göstərir.
Tədqiqatçılar Təzəkənd abidəsini erkən orta əsrlərə aid Paytakaran şəhərinin qalıqları ilə eyniləşdirirlər.





