Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilməsi ilə bağlı iddialarına Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.
Denmedia.az xəbər verir ki, aparıcı “Instagram” hesabında paylaşım edərək noyabrın 26-da saat 22:00 radələrində beş avtomobillə gələn təxminən 15 naməlum şəxsin bağ evinə basqın etdiyini iddia edib.
Cəlilovanın sözlərinə görə, evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədim boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar götürülüb.
Aparıcı hadisədə iştirak etdiyini bildirdiyi avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da ictimailəşdirib.
O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlandığını iddia etdiyi əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb edilməsini istəyib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
https://www.instagram.com/reel/DgOF8P5tUGH/?utm_source=ig_web_button_share_sheet

