Türkiyənin “Beşiktaş” futbol klubunun prezidenti Serdal Adalı Gürcüstanın Batumi şəhərində İsrailin “Hapoel” komandası ilə keçirilən qarşılaşmadan sonra baş verən insidentlərə münasibət bildirib.
Denmedia.az “Haber Global” telekanalına istinadən xəbər verir ki, Adalı iğtişaşlardan sonra klub rəhbərliyi ilə əlaqə saxlayaraq vəziyyətlə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, eləcə də dəstək göstərən bütün rəsmi şəxslərə təşəkkür edib.
Klub prezidenti komandanın Batumiyə böyük çətinliklərlə çatdığını, futbolçuların Türkiyənin Rizə şəhərindən Batumiyə avtomobillərlə getmək məcburiyyətində qaldıqlarını və səfərin gərgin şəraitdə keçdiyini bildirib.
Adalı Gürcüstan polisinin azarkeşlərə qarşı güc tətbiq etməsini pisləyib. Onun sözlərinə görə, xəsarət alan iki azarkeş tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb, 10-dan çox azarkeş isə saxlanılıb.
Klub rəhbəri saxlanılan azarkeşlərin Türkiyəyə qaytarılması üçün bütün səylərin göstəriləcəyini vurğulayıb.

