Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə qucaqlaşdığı fotonu “dostum” qeydi ilə paylaşmasını “çox qəribə” adlandırıb.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, Kiyevdəki iş otağında müsahibə verən Zelenski ABŞ-nin sülh danışıqları çərçivəsində Rusiyaya kifayət qədər təzyiq göstərmədiyini də bildirib.
“Əlbəttə, bu, ABŞ prezidentinin qərarıdır, amma çox qəribədir. O, təcavüzkardır, qatildir. Dost ola bilməz, ola bilməz”, – Zelenski deyib.
Ukrayna lideri bu vəziyyəti İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerlə qucaqlaşmağa bənzədib.
Zelenski ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulan tutucu raketlərin ciddi çatışmazlığının olduğunu və ABŞ-nin “Patriot” sistemlərinin tədarükünü gecikdirdiyini bildirib.
“Təəssüf ki, onlar diqqətlərini Yaxın Şərqə yönəldiblər və oraya daha çox yardım göstərirlər. Bununla bağlı ciddi suallarımız var. Bu raketlərin çatışmazlığı insan həyatı bahasına başa gəlir”, – o vurğulayıb.
Ukrayna prezidenti ordunun Rusiyanın ən sürətli pilotsuz uçuş aparatlarının təxminən 70 faizini zərərsizləşdirə bildiyini və bu göstəricinin artdığını qeyd edib.
Zelenski ABŞ-nin “Starlink” peyk rabitə sisteminin və onun hərbi versiyası olan “Starshield” sisteminin işğal altındakı ərazilərdə istifadəsinə hələ də məhdudiyyət qoyulduğunu təsdiqləyib.
“Texniki baxımdan məsələ “SpaceX”lə bağlıdır, siyasi baxımdan isə bilmirəm. Stolüstü tennis oyununa bənzəyir: bir tərəfə müraciət edirik, bizi digər tərəfə yönləndirirlər”, – o bildirib.
Trampın iki xüsusi nümayəndəsi Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunması üçün vasitəçilik edir. Noyabrın əvvəlində Əbu-Dabidə keçirilən danışıqların son raundunda konkret irəliləyiş əldə edilməyib.
Zelenski danışıqların nəticələrini “Nə qədər çox məlumat əldə ediriksə, bir o qədər çox problem ortaya çıxır” sözləri ilə ifadə edib. Onun sözlərinə görə, danışıqların dekabrda bərpa olunacağı gözlənilir. Avropalı vasitəçilərin danışıqlarda iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.
Tramp cümə axşamı “Truth Social” platformasında ötən həftə Çində Putinlə keçirdiyi zirvə görüşündə Rusiyadan Avropanın bütün ərazilərinə qarşı hərbi təcavüzə son qoymasını istədiyini yazıb. ABŞ prezidenti Ukrayna ilə sülh sazişinin əldə olunması ehtimalını yüksək qiymətləndirdiyini bildirib.
Zelenski isə məsələyə münasibətini belə ifadə edib:
“Təcavüzkar qarşısında həddindən artıq neytral mövqe tutmağa çalışdıqda həm qurbanı, həm də təcavüzkarı dəstəkləmiş olursunuz. Bu, düzgün deyil”.
Ukrayna lideri bu həftə Liviyanın şərqindəki limanda Ukrayna tərəfindən batırılan Rusiyanın “Merkuri” hərbi gəmisini tamamilə qanuni hədəf adlandırıb.
İtaliyanın baş naziri Corca Meloni daha əvvəl bu hücumun müharibənin Aralıq dənizinə yayılması riskini yaratdığını bildirmişdi. Zelenski belə hücumların təhlükəli olduğunu qəbul etsə də, Ukraynanın tərəfdaşları ilə razılaşdırmadan heç vaxt hücum həyata keçirmədiyini deyib.
Rusiyanın Dnepr çayı üzərindəki körpüləri və elektrik stansiyalarını hədəfə aldığı Kiyevdə elektrik enerjisinin verilməsində fasilələr davam edir.
“Əlbəttə, Rusiya bizim qaçmağımızı istəyir. İnsanlar gedə bilərlər, amma biz paytaxtımızı bütün vasitələrlə müdafiə edəcəyik. Paytaxtınız yoxdursa, ölkəniz də yoxdur”, – Zelenski bildirib.

