Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Denmedia.az xəbər verir ki, görüş zamanı dövlətimizin başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıda keçirilmiş görüşü məmnunluqla xatırlanıb.
Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini bildirən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında keçirilən görüşlərin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu qeyd edib. Dövlətimizin başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı roluna toxunaraq əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan–Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini bildirib, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilən görüşləri xatırladıb.
Dövlətimizin başçısı ikitərəfli tərəfdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu deyib, ölkəmizin regionda mühüm rol oynadığını vurğulayıb.
İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən nazir Azərbaycana səfəri çərçivəsində Estoniyanın Bakıdakı səfirliyinin rəsmən açılacağını bildirib və bu hadisənin ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Estoniya səfirliyinin Bakıda rəsmən açılmasını ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi qiymətləndirib.
Söhbət zamanı informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın yeni bağlantı xətlərinin sayını artırdığı vurğulanıb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




