UEFA Avropa Liqası çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə İsrailin “Hapoel Beer-Şeva” komandası arasında Gürcüstanda keçirilən qarşılaşmada polis əməkdaşları azarkeşlərə sərt müdaxilə ediblər.
Denmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tribunada Fələstin bayraqları açan “Beşiktaş” azarkeşlərinə qarşı Gürcüstan polisi bibər qazından istifadə edib.
Hadisələrin stadionun ətrafına da yayıldığı bildirilir. Stadiondan kənarda baş verən insident zamanı polis əməkdaşının yumruq zərbəsi nəticəsində “Beşiktaş” azarkeşlərindən biri huşunu itirib.
Stadionda təhlükəsizlik qüvvələrindən uzaqlaşan azarkeşlər “Rəhbərlik, yatma, azarkeşlərinə sahib çıx!” şüarını səsləndiriblər.
Gərginlik fonunda stadionun səsgücləndiriciləri vasitəsilə azarkeşlərə dəfələrlə sakitliyə riayət etmək çağırışı edilib.
“Matçın keçirilməsinə icazə verməyəcəklər! Xahiş edirik, sakit olun, meydana heç nə atmayın”, “Komandamızın cəzalandırılmasına səbəb olacaq hərəkətlərə yol verməyək”, – elanlarda bildirilib.

